İran xalçası — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər.
Tövlə pavilyonu — Türkiyədə, İstanbulunÜsküdar rayonundakı Bəylərbəyi sarayı kompleksinin tərkibində yerləşən tövlə. 1864-cü ildə tikintisi başa çatmış Bəylərbəyi sarayı ilə birlikdə inşa edildiyi güman edilir. Tikildiyi dövrdə padşahın tövləsi və buraya məsul olan miraxurun yaşayış yeri kimi istifadə edilmişdir. 1924-cü ildə Türkiyə Respublikanın elan edilməsindən sonra qəbul edilən qanunla bina milliləşdirilmiş və idarəçiliyi Türkiyə Böyük Millət Məclisinə verilmişdir. 1925-ci ildən etibarən sarayın digər hissələri kimi Milli Saraylar Müdirliyinin tabeliyinə keçmişdir. 1950-ci illərdə pavilyonun arxa hissəsində yerləşən tövlə mətbəxi və samanlıq Milli Saraylar Müdirliyinə bağlı Mühafizə Bölüyünün şəxsi heyəti üçün yataqxanaya çevrilmişdir. 1964-cü ildə sarayla birlikdə ziyarətə açılmış, lakin 1971-ci ildə bağlanmışdır.